Yazı Alma qəzetində çap olunub

Elmin Həsənli



ADP-ni ittiham etməkdə haqlıyıqmı?

Müsavatın ötən bazar günü keçirdiyi mitinqin uğursuzluğu mediyada müzakirə konusuna çevrilmədi. Təbii ki, ADP-nin məlum bəyanatı buna imkan vermədi. Burada hadisələr bir-birini tamamladı sanki: ilk öncə "Azadlıq" blokunun tamamilə uğursuz və heç bir effekti olmayan aksiyası, sonra Müsavatın mitinqi və ADP-nin "müxalifətin bu günə qədərki mübarizəsinin heç bir nəticəsi olmadığını ..." bəyan etməsi. Beləcə, ADP-nin bir müddət davam edən hakimiyyətə əməkdaşlıq təklifləri nəhayət, partiyanın siyasi kursunun dəyişməsi ilə nəticələndi. Sərdar Cəlaloğlu mətbuata verdiyi açıqlamalarda daha İlham Əliyevin siyasi xəttini dəstəkləyəcəklərini, daha insanları küçələrə çağırmayacaqlarını, istefa tələbi səsləndirməyəcəklərini bildirdi. Həftə boyunca bütün siyasi söhbətlər bu mövzuda oldu, hətta deyərdim ki bu məsələ bahalaşma mövzusunu gündəmdə geriləməyə məcbur etdi. ADP-nin sərgilədiyi bəyanata qarşı müxtəlif təpkilər də oldu. Əksər siyasətçilər və yazarlar S.Cəlaloğlunun bu mövqeyinin yanlış olduğunu iddia edirlər, hətta bunu satqınlıq kimi dəyərləndirənlər də var. Amma ilk növbədə nəzərə almaq lazımdır ki, partiya müstəqil fəaliyyət göstərən təşkilat olduğundan istənilən siyasi kursu seçmək, eyni zamanda öz siyasi kursunu dəyişmək hüquqlarına sahibdir. Ancaq məsələyə siyasi əqidə aspektindən yanaşmaq da lazımdır: Belə ki, həmin partiyanın indiyə qədərki çıxışları kəskin radikallığı ilə səciyyələnirdi. Təkcə seçkiöncəsi debatlarda Sərdar bəyin çıxışlarını xatırlamaq bəs edər. Bütün bunlara rəğmən, ADP-yə haqq qazandıran çoxlu arqumentlər də tapmaq olar. Əvvəla, Sərdar bəyin də qeyd etdiyi kimi, müxalifətin indiyə qədərki mübarizəsinin heç bir güclü nəticəsi olmayıb. Azərbaycan müxalifəti olsa-olsa, Azərbaycanın Türkmənistana çevrilməsi təhlükəsinin qarşısının alınmasında azacıq rola malikdir. Müxalif partiyalar çox zaman iqtidarla yox, elə öz-özləriylə mübarizə aparmaqla məşğul olublar. İkincisi, həmin xəttlə davam etsək, deməli, vaxt ötdükcə iqtidar partiyaları güclənməkdə, müxalif partiyalar isə geriləməkdədir. Yəni zaman heç də mövcud siyasi kurslarını, öz taktikalarını illərdir dəyişdirməyən müxalifətin yox, onların opponentlərinin xeyrinə işləyir. Və niyə bu partiyalardan birinin özünü dəyişdirmək, öz məqsədlərini reallaşdırmaq imkanı olmasın? S.Cəlaloğlu açıqlamalarında "siyasi dialoqun yeganə predmeti milli məsələlərin həllində iqtidarla müxalifəti ortaq məxrəcə gətirməkdir" deyir. Burada "milli məsələ" deyiləndə nəyin nəzərdə tutulduğunu dəqiq anlamaq olmur. Məgər hakimiyyətin siyasi fəaliyyətində onun ilk və son məqsədi milli məsələlərin həlli olmamalıdırmı? Nəticədə belə çıxır ki, müxalifət də hakimiyyətin qeyri-milli məsələlərlə məşğul ola bilməsini qəbul edir. Deməli, müxalifət təklif edir ki, milli məsələlərdə dialoq aparaq, yəni birlikdə fəaliyyət göstərək, amma digər məslələrdə hakimiyyəti tam azad buraxaq.

Hiç yorum yok:

Gülümsəyin cənablar!

Gülümsəyin cənablar!

Əlaqə üçün

  • 050 4903218 (Elmin)
  • dia117@gmail.com
  • elminhesenli@gmail.com

sayğac